M. İslamoğlunun Qədir-Xum ilə bağlı suala verdiyi cavaba cavab


BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Əhli-Sünnə forumlarından birində gəzişərkən Qədir-Xum hadisəsi haqqında Mustafa İslamoğlu verilən bir sual və o şəxsin buna verdiyi cavabın paylaşıldığını gördüm və bu cavaba bir cavab verilməsinin zəruri olduğunu düşündüyüm üçün o forumda öz cavabımı verdim. Faydalı olacağı düşüncəsi ilə buraya yazıram. Mustafa İslamoğlunun məsələ haqqındakı sözlərini buradan görə bilərsiniz, bax: http://www.mustafaislamoglu.com/731kadir-i-hum-hadisesi.html

Əziz mömin, Qədir-Xumun nəyini soruşursunuz.

Əziz müəllimim, belə olmadı. Sizin danlayırmış kimi “nəyini soruşursan” deyəcəyiniz yerdə sizdən bir şey öyrənmək istəyən şəxsə düzgün və İslamın əmr etdiyi şəkildə cavab verməyiniz lazım deyilmi? Rasulullah (s.)-dan bir şey soruşanda “aa, bunun nəyini soruşursan ay adam”-mı deyirdi, yoxsa hər kəsin anlayacağı şəkildə və dəfələrlə yorulmadan izahmı edirdi? Dolayısı ilə bu davranış sizə yaraşmadı, üzərinizə düşən Əməvi təəssübü ilə deyil, Rəsulullah (s.)-ın sünnəsi ilə cavab vermək idi.

Əgər orada “Peyğəmbərimiz əhli beyti qanadları altına almışdırmı?” deyirsinizsə, bəli tarix göstərir ki, orada belə bir hadisə baş vermişdir. Əgər bundan Həzrət Əlini yerinə xəlifə/vəsi seçdiyi nəticəsi çıxarmı deyirsinizsə, əsla və qəti çıxmaz.

1. Peyğəmbərlik səltənət kimi atadan oğula, atadan kürəkənə keçən bir şey deyil.

Müəllimim həqiqətən maraqlı və ziddiyyətli bir cavab vermisiniz. Maraqlı olan tərəfi xilafətin inkarını – hətta aydın nəssə qarşı belə – öz yanınızdan uydurduğunuz bir nəzəriyyəyə bağlamısınız. Deyirsiniz ki, “belə olmaz, olsa bu səltənət olar”. Dəyərli müəllimim, Allah (c.c) Hz.ibrahim (ə.s)-ın nəslindən ard-arda peyğəmbərlər seçəndə bu “səltənət” olmur da Rəsulullah (s)-ın nəslindən imamlar seçəndə bu səltənətmi olur? Həqiqətən maraqlı bir yanaşma, bu barədə imam Baqir (ə.s)-dan bir hədis bilirəm, onu bölüşməyim yerində olacaqdır.

Siqatul İslam (İslamın inamı) Şeyx Kuleyni (r.ə) Əhli-Beyt (ə.s) məktəbinin elm xəzinəsi olan “əl-Kafi”-də belə rəvayət edir:

علي بن إبراهيم، عن أبيه، عن محمد بن أبي عمير، عن عمر بن اذينة، عن بريد العجلي عن أبي جعفر (عليه السلام) في قول الله تبارك وتعالى: ” فقد آتينا آل إبراهيم الكتاب والحكمة وآتيناهم ملكا عظيما ” قال: جعل منهم الرسل والانبياء والائمة فكيف يقرون في آل إبراهيم (عليه السلام) وينكرونه في آل محمد؟! (صلى الله عليه وآله) قال: قلت:  ” وآتيناهم ملكا عظيما “؟ قال: الملك العظيم أن جعل فيهم أئمة، من أطاعهم أطاع الله، ومن عصاهم عصى الله، فهو الملك العظيم
Əli b. İbrahim mənə atasından, o Məhəmməd b. Əbi Umeyrdən, o Ömər b. Uzeynədən, o Büreyd əl-İclidən, o da Əbu Cəfər (imam Məhəmməd əl-Baqir (ə.s))-dan Allah Təbarakə və Təalanın “İbrahim nəslinə kitabı və hikməti verdik və onlara böyük bir mülk də verdik.” (Nisa, 54) cümləsi haqqında danışdı, dedi ki: “Allah onlardan rəsullar, nəbilər və imamlar göndərmişdir. Amma bu insanlara nə olub ki, İbrahim (ə.s)-ın nəsli üçün belə bir xüsusiyyəti qəbul edirlər, bunun əvəzində Məhəmməd (s)-in nəsli mövzusu olunca inkar edirlər?” Dedim ki: “”Onlara böyük bir mülk də verdik”. İfadəsinin mənası nədir?” İmam (ə.s) dedi ki: “Böyük mülk, imamlıq səlahiyyətini onlara verməsidir. Kim onlara itaət edərsə, Allaha itaət etmiş, kim də onlara üsyan edərsə, Allaha üsyan etmiş olar. Məhz böyük mülk budur”.

Kuleyni (r.ə), “əl-Kafi”, 1/206, Höccət kitabı, bab 16, hədis 5

Yəni burada nəyin səltənət olub nəyin səltənət olmadığını müəyyən etmək sizin əlinizdədirmi? Belə boş sözlər və şəxsi fikirlər, yanlış şərhlər yerinə gəlin nəsslərə baxaq. Bu hadisə necə oldu? Rəsulullah (s) “Mən möminlərə öz nəfslərindən yaxın deyilmiyəm?” deyə soruşdumu? Bəli, soruşdu və bizdə Quranın açıq nassı ilə bilirik ki, Rəsulullah (s) hər bir müsəlmana öz nəfsindən daha yaxındır, məhz ayə:

النَّبِيُّ أَوْلَى بِالْمُؤْمِنِينَ مِنْ أَنفُسِهِمْ وَأَزْوَاجُهُ أُمَّهَاتُهُمْ
Peyğəmbər möminlərə öz canlarından daha əvvəl gəlir. Onun zövcələri möminlərin analarıdır.

Əhzab surəsi 6-cı ayə

Yəni Rəsulullah (s)-in verdiyi sual onsuz da Quranın nəssi ilə sabit, məqsəd isə orada olanlardan təsdiq almaqdır. Nə deyir orada olanlar “bəli, ya Rəsulullah!” deyirlər və bu sual cavab 3 dəfə təkrar edilir. Sonra nə olur? Rəsulullah (s) Həzrət Əli (ə.s)-ın əlini qaldırıb:

Mən kimə öz nəfsindən daha yaxınam, bu da onun mövlasıdır. ALLAHım ona dost olan dost, düşmən olana düşmən ol.

Deyir. Görürük ki, Rəsulullah (s) səhabəyə 3 dəfə təkrarən sual cavab etdikdən və onlar da hər dəfə iqrar etdikdən sonra eyni məqamı Həzrət Əli (ə.s) üçün sabit edir. Bəs siz necə olur da hadisəni ümumi olaraq təsdiq edib, xüsusi olaraq bu qismi keçirsiz?

Cavabınızın əksinə olan tərəfi isə, bu hadisədə xilafəti inkar üçün ortaya atdığınız “səltənət”, “irəli çəkmək” və s. kimi fikirlərinizi “orada Peyğəmbərimiz əhli beyti qanadları altına alıb” deyəndə unutmuş olmağınızdır. Yəni xilafətə təyin edincə dərhal “səltənət”, “irəli çəkmək” və s. olur amma insanları onları sevməyə dəvət edəndə yox, eləmi?

2. Peyğəmbərlərin mirası risalətdir. Risalət mirasının varisi ümmətdir. Nə Əlidir, nə Əbu Bəkrdir, nə odur, nə budur.

İnciməyin müəllimim amma bu biraz da yəhudi məntiqinə bənzəyir. “Niyə Yusif? Hamımız İbrahim övladları deyilik? Dolayısı ilə O deyil hamımız”

3. Sünnilərin xilafətdə əfzəliyyət (daha fəzilətli olmaq (Əhli-Sünnə Əbu Bəkrin xəlifələr içində əfzəliyyət olması fikrindədirlər)) fikrini də, şiələrin vəsilik və vilayət fikrini də Qurana uyğun görmürəm.

Müəllimim, təəssüf ki, bu kimi məsələlər sizin, mənim və ya bir başqasının razı olub olmaması ilə bağlı deyil, bu kimi məsələlər nəsslərə bağlıdır.

4. Bu barədə Quranın sözü kifayət və sübutdur: “ALLAH əmanətləri əhlinə verməyinizi əmr edir”. Nöqtə.

Əvvəla bu ayə hər mövzunu əhatə etmir, nümunə verəcək olsaq: Məsələn, ALLAH (c.c) bir peyğəmbər və ya bir kral təyin edəndə biriləri bu ayəyə əsaslanaraq “sən əhli deyilsən, biz bu işin əhliyik” deyərək onu rədd edə bilərmi? Məsələn, Həzrət Talut (ə.s)-ı inkar edən yəhudilər kimi?

Hətta bu ayəni dəlil olaraq təqdim etməyiniz belə sizin əleyhinizədir. Çünki hər kəsin bilib qəbul etdiyi kimi imam Əli (ə.s) və digər Əhli-Beyt imamlarında (ə.s) olan elm heç kimdə olmayıb, bax: İmamların (ə.s) elmi

Beləliklə, sizin gətirdiyiniz bu dəlil əsasən bu iş əhli olan imam Əli (ə.s)-ın haqqıdır, intəha (bitdi).

5. Bu məsələ 1400 ildir mübahisə və qarşıdurma məsələsi olub. Bir 1400 il daha müzakirə edilsə heç bir şey çıxmaz. Bu məsələləri qoyub ALLAHa layiq bəndə Peyğəmbərə layiq ümmət olaq deyirəm.

Müəllimim əffinizə sığınıram amma 1400 ildir bu məsələnin qarşıdurma mövzusu olmasının səbəbi onun əslinin olub olmamasından deyil, birilərinin açıq nəsslərə deyil, öz ağıllarından ortaya qoyduqları bir sıra tezislərin olmasıdır. Məsələn, sizin yuxarıda etmiş olduğunuz kimi.

Qədir-Xum rəvayətləri, məzhəbçilik uğrunda istismar edilmişdir. Bu məsələdə olub bitənin əsli nədir?

Həqiqətən maraqlıdır bu hadisəni istismar edən kimlərdir? Sünnilər, yoxsa şiələr? Əgər şiələr isə –ki, yəqin ki, müəllimimiz onları nəzərdə tutur- o zaman Qədir-Xum hədisinin keçdiyi sünni mənbələrə nə deyəcəyik? Bunlar elə bilinməyən, uydurma mənbələr deyil, əksinə, sünniliyin ən mühüm mənbələridir, sünnilərin hədis və rical alimləri də bu mənbələrdə keçən hədislərin səhihliyini təsdiq etmişdirlər. “Sünəni ibn Macə” kitabı, Nəsainin “Xəsais”, “Sünən əl-Kubra”, “Fədail əs-Səhabə” kitabları, Əhməd b. Hənbəlin “Müsnəd” və “Fədail əs-Səhabə” kitabları, Hakimin “Müstədrək” kitabı və başqaları, bax: Qədir-Xum hədisi

Şiə mənbələrində də hadisə məhz bu şəkildə izah edilir. Bu hadisə həm də ən mötəbər sünni mənbələrində və həmdə şiə mənbələrində bu qədər çox sənəd ilə rəvayət edilmişdir və bu həqiqətdir ki, bütün bunları “istismar” kimi təqdim etməyə çalışmaq acizlik, çarəsizlikdir. Tutaq ki, şiələr hadisəni “istismar” edir, yəni olduğundan fərqli olaraq rəvayət edirlər. Çünki qarşı tərəfin iddasına görə, şiə imamət inancını möhkəmləndirməyə çalışır, amma bəs sünnilərə nə olur? İmamətə inanmayan sünnilər də mi Qədir-Xum hadisəsini istismar etmiş və olduğundan fərqli şəkildə bildiriblər? Əgər deməyə çalışdığınız bu isə o zaman əziz müəllimim, siz bütün əqaid, fiqh, təfsir, sünnə və siyəri də inkar etməlisiniz. Çünki sadəcə sünni mənbələrində belə bu Qədir-Xum hədisinin sənədi o qədər çoxdur ki, əqidə, fiqh, təfsir, sünnə və siyər adına rəvayət edilmiş olan heç bir mövzuda bu qədər çox sənəd ilə ikinci bir hədis rəvayət edilməmişdir. İndi, əgər bu qədər çox sənəd ilə gələn bir hədis (Qədir-Xum) uydurma, yalnış və s. isə o zaman bu hədisdən daha az sənəd ilə gələn digər mövzular da uydurma və yalnışdır.

Bu aşağıdakı rəvayət, hekayənin şəxsən məni qane edən variantıdır. Bundan başqa kim necə inanmaq istəyirsə elə inanır.

Müəllimim, təəssüf ki, yenə səhv bir mövqedəsiniz. Bizim işimiz – əgər həqiqətən istədiyimiz yalnız Allah və Rəsulunun gətirdiyinə təslimiyyət isə – bizi qane edənlərə inanmaq deyil. Əgər belə bir mövqe içərisində olsaq, o zaman hər kəs “məni qane edən budur” deyə biləcəkdir və bu bir mövzu haqqında onlarca inancın olmasını qanuniləşdirəcək. Bizim işimiz, hansı hadisə olursa olsun bizi qane edəni deyil, biz sevməsək belə, qəbul etmək istəməsək belə, doğru olan hansı isə onu qəbul etməkdir.

Bax, işin əslini verən rəvayət:

Həzrət Əli Yəməndən qənimətlərlə dönər. Orada əldə etdiyi qənimətlərdən beşdə birini ayırar. Yerinə Bureydətul-Əsləmini vəkil qoyaraq özü ordusundan əvvəl Məkkəyə çatır. Həzrət Peyğəmbərlə görüşür. Bir müddət sonra Məkkəyə daxil olan ordunun dövlət xəzinəsi üçün ayırdığı paltarları aralarında bölüşüb geyindiyinə şahid olur. Vəkili ilə şiddətli bir münaqişəyə girişir. Həzrət Peyğəmbər bu mübahisədə Həzrət Əlinin tərəfini tutur. “Mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır” sözünü bu münasibətlə söyləmişdir. (Əhməd b. Hənbəl) Hikmət Zeyvəli, Quran və Sünnə üzərində, səh. 204 və b.

Müəllimim məgər sizin nəzdinizdə hansı qərinə bu rəvayətin “işin əslini verən rəvayət” olmasına dəlalət edir? Bir tərəfdə həm şiə və həm də sünni mənbələrində müxtəlif onlarca sənəd ilə gələn hədis, digər tərəfdə isə sadəcə sünni mənbələrdə və yalnız bir sənəd ilə gələn bir hədis necə olur ki, onlarca sənəd ilə həm şiə və həm də sünni mənbələrdə keçənlər “işin əslini verən rəvayət” olmur da buna qarşı, sadəcə sünni mənbəli və yalnız tək sənədi olan hədis “işin əslini verən rəvayət” olur? Qaldı ki, sizin bu sözünü etdiyiniz hədisin Qədir-Xum ilə uzaqdan yaxından əlaqəsi yoxdur. Çünki Qədir-Xum hadisəsi Vida həcci ilində yəni hicri 10-cu ildə olmuşdur, imam Əli (ə.s) Yəməndən və Nəbi (s) də Mədinədən Məkkəyə gəlmişdirlər, dönüşdə təbliğ ayəsinin nazil olmasından sonra Cuhfədə Nəbi (s) xütbə irad etmiş və daha sonra iqmal ayəsi nazil olmuşdur. Ən son olaraq bütün müsəlmanlar birlikdə Mədinəyə qayıtmışdırlar. Sizin dediyiniz şikayət hadisəsi isə hicri 8-ci ildə imam Əli (ə.s)-ın Yəmən yürüşü zamanı olmuşdur. Və bu səfər sonrasında imam Əli (ə.s) və əmrində olan əsgərlər Mədinəyə gəliblər və əsgərlərdən bəzilərinin imam (ə.s)-i Nəbi (s)-ə şikayət etmələri üzərinə hadisə baş vermişdir. Siz hicri 8-ci ildə baş verən şikayət hadisəsini hicri 10-cu ildə baş verən Qədir-Xum hadisəsi kimi təqdim edərək nəyi əldə etməyə çalışırsınız?

Vəssalam.
Mustafa İslamoğlu

Və aləykum.
Elməddin ər-Rafizi

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma